HEYDƏR ƏLİYEV - 1
Əlcəzairdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ölkəmizin Əlcəzairdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bu ölkənin 'Djil Print" nəşriyyat evi tərəfindən əlcəzairli professor Yusif Hurinin müəllifi olduğu “Heydər Əliyev - müasir Azərbaycanın qurucusu” adlı kitab fransız dilində çap olunub. Bu, əlcəzairli alimin Ulu Öndər haqqında Əlcəzairdə çap olunan ikinci kitabıdır. İlk kitab 2023-cü ildə ərəb dilində çap edilib və Əlcəzair ictimaiyyətinin diqqət mərkəzində olub. Kitabda Ulu Öndərin öz xalqı qarşısında və ümumiyyətlə İslam dünyasında misilsiz xidmətlərindən söhbət açılıb, onun qurucusu olduğu müasir Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi quruculuq siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, tarixi zəfərlə nəticələndiyi xüsusi vurğulanıb.
Kitabın ilk nüsxəsi mayın 10-da Əlcəzairdəki səfirliyimizdə bu ölkədə yaşayan, işləyən, təhsil alan azərbaycanlıların iştirakı ilə keçirilən mərasimdə təqdim edilib.
Tədbirdə Ulu Öndər haqqında sənədli film nümayiş etdirilib. Sonra səfir Tural Rzayev çıxış edərək Ulu Öndərin Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Əlcəzairin nüfuzlu media orqanlarında xəbər və məqalələr də dərc edilib.